Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Elanlar
7 Yanvar , 2019

İmadəddin Nəsiminin tam adı - Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi  — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.

Nəsiminin həyatı haqqında geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər.

Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur. İslamdan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şeir və musiqi məclisləri fəaliyyət göstərirdi, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqani Şirvaninin əmisi - alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.

Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Səfərlərinin hamısında özünün şeyx mürşidi Nəimi ilə yol yoldaşı olmuş və onun qızı ilə evlənmişdir.

Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamın və xristianlığın əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır.

Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan İbn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Mənsur Həllacı, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərmək olar.

Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsiminin edamı haqqında İbn əl-İmad Hənbəli yazır: "O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi".

Nəsimi öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.