Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Elanlar
25 Yanvar , 2019

Cəlil Məmmədquluzadə  22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə  üçsinifli  Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori  Müəllimlər  Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir .Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları"  povestini də bu dövrdə yazmışdır. 1895-ci ilin yayında Moskvaya və Peterburqa getmiş, bu şəhərin mədəni həyatı ilə tanış olmuşdur. Naxçıvanda və İrəvanda müxtəlif hüquq idarələrində çalışmışdır. 1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərli-nin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurur. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanır. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyyəsi  ilə əsəb xəstəlikləri  üzrə  Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə  1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi  Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

17 yanvar 2019-cu ildə Azərbaycan prezidenti Cəlil  Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.