Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanası

Binəqədi rayon MKS
Xəbərlər
22 Aprel , 2020

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, Qarabağ futbol klubunun futbolçusu və keçmiş baş məşqçisi Allahverdi Bağırov 22 aprel 1946-cı ildə Ağdamda anadan olmuşdur.

Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb adını Allahverdi qoymuşdular. Bu ad həm də onun babasının (anası tərəfdən) adıdır. O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən bir insan idi.

Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda Ağdam - Cəbrayıl oynunda kapitan olmuşdur.

Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur.  Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Bu əməliyyat görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.

1992-ci ildə Allahverdi Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

 

1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə həlak olmuşdur. Tankist  Sevil Abbasovanın sözlərinə görə onu "ancaq sənədlərindən tanıya bildik”.

Bağırov həlak olanda Bakıdakı Şəhidlər Xiyabanında ona qəbir qazılmışdı. Lakin müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dəfn edilmişdir.